• Şəki Xan Sarayı

     

    Şəki Xan Sarayı - Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir.

     

    Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana" adlanmışdır. Şəki xanlığının 1819 - cu ildə ləğv edilməsindən sonra, burada şəhər məhkəməsi yerləşdi. Hal - hazırda muzey kimi fəaliyyət göstərir.

     

     

    Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə birləşən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.

     

    Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir - birinə geyindirilmişdir.

     

     

    Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktit oymal, olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilmişdir.

     

    Dünya şöhrətli türk şairi Nazim Hikmət, saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi".

     

     

    Şəki Xan Sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır.

     

    İmarət, 1530 - cu ildə əkilmiş, iki möhtəşəm budaqlı Xan Çinar ağaclarin fonunda ucalır. Sanki çinarlar bu nadir memarlıq incisini qoruyurlar. İmarətin uzunluğu - 31,7 m., eni 8,5 m., hündürlüyü isə 10 metrdir.

     

    Sifariş üçün: +994 70 224 87 81 / booking@issam.az